Mərakeş… Afrika deyib keçməyin

Məqalədə müəllifin (https://mialandtravelblog.wixsite.com/mialandblog/single-post/Morocco) Mərakeşin ən böyük şəhəri Kasablankadan qeydləri əksini tapıb.

Hər şey bir istəkdən başladı..

Yəqin ki, çoxunuz bir zamanlar bizim televiziyalarda yayımlanan məşhur Klon serialının adını eşidib, heç olmasa 1 dəfə də olsa, ona baxmısınız. O Klon serialı ki, Mərakeşin Fəz şəhərində çəkilib və hələ də bizim ölkədə məşhurluğunu itirməyib. Bəli, bəli bizim ölkədə. Çünki Mərakeşdə kimdən serial haqqında söz soruşurduqsa və ya serialın çəkildiyi məkana bizi aparmalarını istədiksə tanımadılar. Amma bizdə kimə Mərakeşə gedirəm deyirdimsə, hər kəsin ağlına birinci olaraq məhz o serial gəlirdi.

İndi isə keçək Mərakeş Krallığına etdiyim səfər barədə danışmağa…

Krallığın yeganə beynəlxalq hava limanı var ki, bu da Kasablanka şəhərində yerləşir. Bu şəhərə tranzit reyslə, Bakı-İstanbul (2 saat 35 dəq), İstanbul-Kasablanka (5 saat) ümumilikdə İstanbuldakı fasilə ilə bərabər 10 saat yol getdik. Bəli, 10 saat. Amma arada saat fərqi olduğundan Bakıdan təyyarə ilə saat 7-də çıxdıq, Kasablankaya yerli saatla 2-də çatdıq. Azərbaycan ilə Mərakeş arasında saat fərqi isə 3 saatdır. Havası təbii ki, çox istidir. Amma yerli əhalinin dediyinə görə, bizim bəxtimizdən havanın temperaturu nisbətən az idi.

İnsanları isə mehriban və bir o qədər də qorxuludur. Məsələn, Krallıqda oğurluq halları tez-tez baş verir. Əgər turist qrupun yanında hər hansısa yerli sakin yoxdursa, onun çantasını, telefonunu və ya fotoaparatını oğurlamaqları bir göz qırpımında baş verə bilər. Elə buna görə Krallıqda rahat gəzmək mümkün deyildi. Çantanı bərk-bərk tutursan və narahat gəzirsən.

Hələ oğlanların turist xanımlara sataşmaqlarını demirəm.

Bu ölkədə ərəb və fransız dillərini bilirsinizsə, avantajınız çoxdur. Çünki demək olar ki, ingilis dilində hədsiz dərəcədə az bilirlər.

Bir də maraqlısı odur ki, bizim danışığımıza əsasən türk olduğumuzu və Türkiyədən gəldiyimizi fərz edirdilər. Azərbaycan dediksə isə çox az bir hissə bizi tanıyırdı.

Hətta Azərbaycanlıyam deyənə qədər məni yunan və ya meksikalılara bənzədirdilər.

Krallığın gəzməli, kəşf etməli olan yerləri demək olar ki, hər biri müxtəlif şəhərlərdə olduğundan 4 şəhərdə və 2 qəsəbədə olduq. Hər bir şəhərdə 2 və ya 3 gün olmaqla ümumilikdə 10 gün Krallığı gəzə bildik.

İlk şəhər Kasablanka…

Adına mahnılar yazılan, Antarktik okean sahilində yerləşən, rütubətli Kasablanka…

Yerli əhali qısa olaraq bu şəhərə sadəcə Kasa deyir. Bu şəhər mənə Yunan adalarını xatırlatdı. Çünki Kasada tikililər demək olar ki, hamısı ağ rəngdədir və xüsusi evlər müxtəlif rəngdə olan güllərlə bəzdilib.

Kasa turistlərin ən çox gəldiyi şəhərlərdən biridir. Burada otellər demək olar ki, hamısı okean sahilində yerləşir. Kasada günəşin çıxışı və okean suyunun səsi ilə oyanmaq insana tamam ayrı zövq verir. Elə bizim otel də (Hôtel Le Littoral) okean sahilində yerləşdiyindən səhər, günorta və axşam yeməklərini o mənzərə ilə yemək ayrı bir zövq idi.

Lakin Kasanın sahilləri düşündüyünüz qədər təmiz deyildi. Hətta Kasada son günlər cəhd edib ancaq sahildə gəzə bildik. Okean suyu hədsiz çox dalğalı olduğundan üzməyə risk etmədik.

Amma Kasadan hardasa 40 dəqiqəlik məsafədə yerləşən Bouznika adlanan bir məkan var ki, elə burda 15-20 dəqiqə qalmaq da qaralmağa bəs edir. Bu məkanda sahil daha təmiz, insanlar daha az və okean suyu daha təmizdir. 8 gün boyunca qarala bilməyib, Bakıya qayıtmağa son 2 gün qalmış burda olmaq və qaralmaq elə Mərakeşə səfər etdiyinizin sübutunu göstərir.  Burada sahilədə yerləşən evlər də elə yunan abu-havasındadır.

Kasada ümumilikdə 4 gün qaldıq. Havası gündüzlər çox isti, axşamlar isə sərin keçirdi. Hətta uzunqol jaket geyinirdik. Şəhər okean sahilində yerləşdiyindən hava dəhşətli rütubətli idi. Hətta paltarlarımız və saçlarımız qurumurdu.

Kasada okean sahilində bir məscid yerləşir ki…

Hasan II Məscidi Bir tərəfi Atlantik Okean, digər hissəsi isə quru parçası. Dünyanın 13-cü, Afrikanın 3-cü, Mərakeşin isə ən böyük məscididir. İstər daxili, istərsə də xarici görünüşü insanı fəth edir…

Eyni anda Məscidin daxilində 25.000, çöl hissəsində isə 80.000 nəfər namaz qıla bilər. Məscidin daxilinə yanlız müsəlmanların girişinə icazə var. Belə ki, Məscidə daxil olanda (ilk dəfədir rastlaşıram) 1 nəzarətçi xanım və ya bəy hər kəsdən Ayətul-kürsü duasını soruşur və sonra onun müsəlman olduğuna əmin olaraq daxil olmasına izin verir.

Kasada gediləcək digır məkan isə təbii ki, Medinalardır. Yəni bazarlar. Bu haqda daha ətraflı digər postlarda danışacam. Çünki Krallığın bütün şəhərlərində ən azı 1 bazar yəni, Medina var.

Amma bir alış-veriş mərkəzi var ki Morocco mall. Burda istədiyiniz çox şeyi tapacağınıza əminəm. Müxtəlif məşhur firmaların yerləşdiyi malldur. İstər Zara, istər Fendi istərsə də MAC, Aldo, Adidas və digərləri.

Mərakeş barədə yazacaqlarım çoxdur amma hələ ki, bu qədəri bu günlük kifayətdir.

İndi isə keçək fotolara…

Müəllif: Mialandblog (mialandtravelblog.wixsite.com/mialandblog/about)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *