Gürcüstanın 16 bölgəsini 100 manata gəzən azərbaycanlı səyyahın hekayəsi

Səyahət bəziləri üçün azadlıqdır, bəziləri üçün dünyanı kəşf etmək…Sözsüz ki, səyahətə həyatın özü kimi baxanlar da var.  Amma sehiri pozular deyə səyahətin anlamını sözlə ifadə etməkdən çəkinənlər də az deyil. Elə müsahibimiz Ülvi Safari kimi…

Ülvi tələbədir. Eyni zamanda da 4 ildir ki, özəl şirkətlərin birində informasiya texnologiyaları  sahəsi üzrə çalışır. Bir düşünün, həm dərslər həm də davamlı texnologiyalarla işləmək insanı necə yorur. Lakin Ülvi Safari özünü 4 divar arasına məhkum etməyənlərdəndir. Əksinə olduqca dinamik, kəşf etməyi, öyrənməyi xoşlayan bir gəncdir. Aktivliyi yollarını səyahətlə kəsişdirib. O gün bu gündür səyahət edir. Amma elə- belə səyahətlərdən yox, avtostopla səyahət.

Çox uzatmadan Sey-yah.com sizə Ülvi Safari ilə müsahibəsini təqdim edir:

Avtostopla səyahətə nə zaman başlamısınız və ideya hardan ağlınıza gəldi?

İlk avtostopumu 2013-cü ildə Gəncədən Bakıya etmişdim.Ümumiyyətlə  internetdə axtarış edəndə qarşıma səyahət bloggerləri çıxırdı.Onların yazılarını oxuyub,görəsən necə hiss bağışlayır adama tez tez səyahət etmək deyə düşünürdüm. Yavaş- yavaş tənbəlliyin daşını atıb yola çıxmağa başladım. O qədər maraqlı gəlirdi ki, hətta 1 ildə 7 dəfə Zaqatalaya səyahət etmişdim.

Avtostopla səyahət etmək həm çətindir həm də təhlükəli. Heç qorxmamısınız bu cür yola çıxmaqdan? Yol yoldaşınız cinayətkar da ola bilər oğru da.

Əslində məncə çətinlik o qədər də yoxdur.Maksimum saatlarla yolda qala bilərsiz.Su və yemək ehtiyyacınız qaydasındadırsa qorxulası heç nə yoxdur.Uzaq başı çox gözləyəcəksiz. Avtostopun mahiyyətində bu da var. Yoxsa 8 manat verib hər hansısa bölgəyə səyahət etmək elə də çətin deyil . Təhlükəli olmağına gəlincə,  mən təhlükəli olduğunu düşünmürəm. Bunlar hamısı bəhanələrdi fikrimcə. Pul oğurlanması,cinayətkar və s. Hamısı Bakının mərkəzi hissəsində belə baş verə biləcək şeylərdir.Qorxa- qorxa mənasız,passiv həyat sürməkdənsə,bunu seçirəm.Ümumiyyətlə insanlıq olaraq çox dəyişmişik.Robotlaşmışıq, vəhşiləşmişik, maddiyatı müqəddəsləşdirərək ,içimizdəki mənəviyyatı öldürmüşük. Bunlardan qurtulmaq lazımdır.

Yolda qalanda hamı sizə kömək əlini uzadır? Ümumiyyətlə sizə reaksiya necə olur?

Əslində reaksiyalar qarşınıza çıxan insandan asılıdır.Məsələn bu qış Göygöl rayonuna getmişdim. Çadırla filan hazır idim. Gəzib gələndən sonra kənddə gözəl bir insanla tanış oldum və evinə dəvət etdi,süfrəsini açdı.Nə yaxşı  ,nə pis mənada ümumiləşdirmək istəmirəm.

Avtostop çəkərkən insanlara necə müraciət edirsiniz?

İstiqamət dəqiq bilinirsə,yəni hara gedəcəymizi biliriksə kağıza(kartona) gedəcəyəniz yerin adını yazırıq. Bəzən də yolun apardığı yerə gedirik deyə,heç nə yazmırıq. Kəlimələr maşınlara görə dəyişir. Məsələn “Hara gedirsiz?” “Yol yoldaşı lazımdır?” “Yolüstü bizi də apara bilərsiz ?” və s.

Avtostopla necə ölkə gəzmisiniz?

İşimlə əlaqədar ölkə xaricinə çox çıxa bilmirəm.Buna görə də ölkədaxili gəzməyə çalışıram.Ölkədaxili Lənkəran zonası və Qarabağdan başqa demək olar hamısını gəzmişəm.Ölkəxarici isə tək təcrübəm Gürcüstan olub.16 bölgəsini avtostopla gəzmişəm.

Gürcüstandakı səyahətinizə nə qədər pul xərcləmisiniz?

Gürcüstana səyahətim 14 gün çəkib. Və 16 bölgəsini səyahət etmək üçün cəmi 100 manat xərcləmişəm.

Getdiyiniz yerdə harda qalırsınız, kamp çadırları yoxsa otellər?

Getdiyim yerlərə mənlə birgə çantam və çadırım da gedir.Təbii ki çadır.Otelləri sevə bilmirəm nədənsə.Səyahət edirsənsə,yoldasansa təbiətlə arandakı əngəlləri aradan qaldırmalısan.

Sizcə səyahət  etmək üçün pul çox önəmlidir?

Məsafədən və səyahətin neçə günlük olmasından asılıdır.Getdiyiniz yerdə yemək və su ehtiyyacınızı pulsuz qarşılaya bilirsinizsə  madiyyata gərək qalmır. Ümumilikdə kim nə deyirsə desin,pul hazırki dövrün görünən tanrısıdır.Bir neçə dəfə önəmsiz ola bilər.Ama davamlı səyahət üçün pul önəmlidir.

Səyahətlər zamanı başınıza gələn ən gülməli və təhlükəli hadisələr

Gülməli hadisə deyəndə bir dəfə Gürcüstanda Senakidən Martviliyə gedəndə bir maşına 3 dəfə avtostop çəkmişəm.Qəribə idi. Enerjilərimiz bizi 3 dəfə qovuşdurdu. Gülməli hadisələr danış- danış bitməz. Təhlükəliyə gəlincə, bir dəfə gecə 11- də içkili sürücü olan maşına avtostop çəkəndən sonra xəritədə doğru istiqamətə aparmadığını görmüşdüm.Mübahisə yaranmışdı.Bəxtim onda gətirmişdi ki,dostumla idim.Yoxsa axırı heç də xoş qurtamayacaqdı.

Avtostopla səyahətin üstünlükləri nələrdir?

Avtostopla səyahətin üstünlüyü ondadır ki,günlük həyatda maddiyata verdiyin dəyəri az da olsa azaldıb,yola çıxırsan.Həyatından maddiyatı az da olsa çıxardığına görə,mənəviyyata köklənirsən.Anlardan daha çox zövq almağa başlayıb, daha dolu yaşayıb,hər an yeni insanlarla tanış ola bilirsən.Siyahını uzatmaq da olar. Bundan başqa, adi səyahətlərimə Bakıdan çıxanda azı yola  8 manat ödəyirəm. Qalmağa yer,qida,nəqliyyat hamısı bir yerdə 40-50 azn-i keçir.Çünki qalmağa yer özü ən azı 10 azndən başlayır.Avtostopla və çadırımla isə 10 azn-ə 3-4 gün səyahət etmək mümkündür.Bu da şəxsə görə dəyişir təbii ki.

Nərmin Kərim, Sey-yah.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *