Dünyanı təkbaşına gəzən akademikin hekayəsi : 4 qitə, 40 ölkə

Nurgül Böyükkalay Akdeniz Universitetində akademikdir. Yorucu iş rejimindən ara verdiyi vaxtlarda səyahət edir. Bəzən həftə sonları, bəzən məzuniyyətlərində, bəzən isə iş səyahəti üçün yollarda olur. Universitetdə oxuyarkən təlimçi kimi getdiyi Amerikadan sonra həyatı dəyişib. Səyahət özünün təbirincə desək, azadlığı olub. Sonrası isə məlumdur… 4 qitədə 40 ölkə gəzib.

Sey-yah.com sizə Nurgül Böyükkalayın müsahibəsini təqdim edir:

Səyahətin sizin üçün anlamını izah edə bilərsiniz?

Səyahət mənim üçün ən yaxşı motivasiyadır. Özüm üçün etdiyim ən yaxşı investisiyadır. Səyahət geni deyilən bir şeyin olduğuna inanıram. Bəzi insanlar gəzmək üçün yaradılıb. Mən də gəzmək üçün doğulanlardanam.

Ömrünüzün sonuna qədər səyahət edə bilərsiniz?

Əlbəttə. Səyahət mənim üçün həyatın özüdür. Ailəm də gəzməyi çox sevir. Məncə səyahəti sevməyimdə onların rolu böyükdür.

Öz pulunuzu qazandıqdan sonra səyahətə çıxmağa başladınız?

Universitetdən məzun olduqdan sonra səfərlərə çıxmağa başlamışam. Tələbə vaxtı Türkiyədə görmədiyim şəhərləri gəzirdim. İlk getdiyim yer Amerika oldu. Yay düşərgəsində təlimçi olaraq çalışmaq üçün proqrama müraciət etdim və qəbul edildim.

Necə keçdi?

Əvvəlcə fərqli mədəniyyət və millətlərdən olan insanlar birgə necə yaşayar bunu öyrəndim. Nyu-Yorkun hər tərəfini gəzdim. Manhettenin küçələrində, göydələnlərinin arasında sanki itdim. Dadlı qəhvə içə biləcəyim kafelər kəşf etdim. Rokfeller təpəsinə çıxıb, filmlərdə gördüyüm mənzərələri heyranlıqla izlədim.

Və daha sonra 40 ölkə gəzdiniz. Daha çox Avropa ölkələrində olmusunuz?

Demək olar ki, Avropanı gəzib, bitirmişəm. Amma Amerika, Asiya, Afrikaya da getmişəm. Hindistan, Qazaxıstan, Mərakeş, Livan, İordaniya kimi ölkələrdə olmuşam. Uzaq ölkələrə getmək mənə daha çox həyəcan verir.

Uzaqlarda sizi cəlb edən nədir? Heç yeri tanımamağınız?

Bəli. Nə qədər uzağa getsəm, özümə bir o qədər yaxınlaşıram. Daha çox şərq mədəniyyətini kəşf etmək, öyrənmək və yaşamaq istəyirəm.

Səyahətə tək gedirsiniz?

Bəli. Çünki yol yoldaşlığı asan iş deyil. Təkbaşına olanda öz qərarlarınızı özünüz verirsiniz. Zaman sizə aiddir və məmnun etməniz gərəkən tək insan özünüzsünüz.

Ən xoşunuza gələn ölkə hansı olub?

Hindistan. Rəngarəng ölkədir. Rənglərin bu qədər çox çeşidi olduğunu Hindistanda öyrəndim.

Bəs Hindistanda yemək yeyərkən əziyyət çəkdiniz?

Demək olar ki, ac qaldım. Bir həftə Türkiyədən apardıqlarımı yedim. Normalda həmin ölkənin mətbəxindən mütləq nəsə dadıram. Lakin Hindistanda ən dəbdəbəli restoranda belə heç nə yeyə bilmədim. Çünki burada səliqəsiz məhəllələrdən keçib, restorana gedəndə insanın iştahı qaçır.

Bu günə qədər səyahətlərinizə nə qədər xərcləmisiniz?

Dəqiq bir rəqəm demək çətindir. Məsələn, ən bahalı səyahətim Sinqapura olub. Qaldığım otelin bir günü 300 dollar idi. Axşam yeməyinə 80 dollar verirdim. Ən ucuz ölkə isə Tailand idi. Lüks oteldə gecəsi 90 dollara qaldım. Yeməklər də çox ucuz idi.

Tərcümə etdi: Nərmin Kərim

© Xəbərlərdən istifadə edərkən istinad etmək mədəniyyətdir!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *